Mobil radarlı qarışdırma və aldatma sistemlərində yenilik| PUA təhlükəsinə qarşı “Tunç” qalxanı

2024/11/1732610428.jpg
Oxunub: 750     15:38     24 Dekabr 2024    
Türkiyə müdafiə sənayesində inkişaf etdirilən “mobil radarlı qarışdırma və aldatma sistemi” Pilotsuz Uçuş Aparatı (PUA) və digər insansız hava platformalarının peyklə əlaqəsini kəsərək, yerlərini çaşdırır.

PUA təhdidlərini zərərsizləşdirən məhsul və sistemlər inkişaf etdirən “Boğaziçi Savunma Teknolojileri” məhsul çeşidinə yenilərini əlavə edir. “Boğaziçi Savunma Teknolojileri” Baş direktoru Cevdet Kaplan son zamanlar döyüş meydanında effektiv şəkildə istifadə edilən və qeyri-dövlət aktorlarının əlində təhlükəyə çevrilən PUA-lara qarşı inkişaf etdirdikləri həll yollarını açıqlayıb.

PUA üzrə ixtisaslaşmış bir şirkət olduqlarını bildirən Kaplan bu yaxınlarda SAHA Expo sərgisində 3 növ PUA əleyhinə sistem sərgilədiklərini söyləyib. Ukrayna-Rusiya müharibəsində tankların və ya zirehli vasitələrin sadə PUA-lar ilə məhv edildiyinə diqqət çəkən Kaplan məhsullarından birinin bu problemi həll etmək üçün hazırlanan, tank və zirehli vasitələrə quraşdırılan, 5 kilometrə qədər olan kiçik miqyaslı, lakin təsirli bir PUA əleyhinə sistem olduğunu bildirib.

Digər bir məhsulun “İlter” J350 PUA Aşkarlama və Bloklama Sistemi olduğunu bildirən Kaplan bu məhsulun xüsusiyyətlərini belə izah edib:

“Bu sistem şirkətimiz tərəfindən 6 ildir istehsal olunur və hazırda onun 3-cü versiyasını istehsal edirik. 1000-ə yaxın məhsulumuz 5-6 ildir həm təhlükəsizlik qüvvələrimizin inventarında, həm də xaricdə istifadə olunur. Biz bu məhsulları bir çox dost və müttəfiq ölkələrə ixrac etdik. Yeni sistem bir çox fərqli xüsusiyyətlərə malikdir. Bu, dünyada çox az şirkətin əldə edə biləcəyi protokol əsaslı aşkarlama xüsusiyyətinə malikdir. Bizim sistemimizlə istənilən PUA və ya həmin PUA istifadəçisi ətraf mühit şəraitindən asılı olaraq 10 kilometr, bəzən 15-20 kilometrə qədər radiusda aşkarlana bilir və hətta xəritədə onun koordinatları qeyd olunur. Onun istifadəçisi də eyni şəkildə xəritədə göstərilir. Beləliklə, siz təkcə PUA-nı vurmursunuz. İstifadəçini tutmaq imkanınız da olur”.

“İlter Tunç” ilk vəzifəsini jandarma üçün edəcək

Kaplan, həmçinin daha böyük bir məhsul olan “İlter Tunç” Mobil Radarlı Qarışdırma və Aldatma Sistemini inkişaf etdirdiklərini deyib. Uzun “Ar-Ge” dövründən sonra məhsulu tamamladıqlarını vurğulayan Kaplan bu sistemi Jandarma Baş Komandanlığı üçün istehsal etdiklərini bildirib.

Kaplan inkişaf etdirdikləri həll haqqında deyib:

“Bu sistem hər cür PUA-ları sərhəd xəttlərində və daha böyük ərazilərdə bloklamaq üçün nəzərdə tutulub. O, radar və elektro-optik sistemləri ehtiva edir. Tələb olunarsa, “hardkill” həlləri, yəni raket və silah sistemləri quraşdırıla bilər. Bugünkü müharibələr indi mobil, hərəkətli müharibələrə çevrilib. Buna görə də, həmin xüsusiyyətləri özündə cəmləşdirmək üçün qoşqu nəzərdə tutulub. Zirehli vasitə bu sistemi asanlıqla çəkə bilir. Əgər inventarda olan hər hansı bir yük maşınında aparmaq istəyirsinizsə, bu da mümkündür, avtomatik olaraq öz ayaqları üzərində dayana bilir, altından qoşqu çıxır, yük maşını daxil olur.

Üzərindəki radar və elektro-optik sistemlərlə təsbit edə bilərsiniz. Həmçinin 400 meqahersdən 6 giqahersə qədər olan radiotezlikləri də aşkar etmək mümkündür. Siz ətraf mühit şəraitindən asılı olaraq 25-30 kilometrə qədər məsafədə PUA-ları aşkar edə bilərsiniz. Təsbit etdiyiniz PUA-ları qarışdırmaq imkanı bu sistemdə çox güclüdür. 20 meqahersdən 18 giqahersə qədər bir qarışdırma spektri var. 20 meqahers dediyimiz şey əslində əldəqayırma partlayıcı qurğuların işə salınma mexanizmlərinin işlədiyi tezliklərdir. Onlara da mane ola bilər”.

PUA-lar üçün işlər daha da çətinləşəcək

Bu həllin rəflərdəki mövcud məhsulları, terror təşkilatları və qeyri-dövlət aktorları tərəfindən dəyişdirilmiş məhsulları və ya dövlətlər tərəfindən hazırlanmış mürəkkəb vasitələri qarışdırmaq imkanının olduğunu vurğulayan Kaplan bildirib:

“Biz bu imkanı 18 giqahersə qədər artırdıq, çünki indi dronlar və ya PUA-lar, xüsusən də operativ səviyyədə işləyənlər peyk bağlantısı ilə işləyir. Biz orada da təsir göstərmək istəyirdik, çünki bu gün və yaxın gələcəkdə qeyri-dövlət aktorları, eləcə də dövlətlər arasında baş verəcək konvensional müharibədə istifadə olunacaq bu tip hava platformalarına qarşı təsirli olmaq ideyası ilə 18 giqahersə qədər qarışdırma həyata keçiririk. Ona görə də həmin PUA-ların peyklərlə əlaqəsini kəsib zərərsizləşdiririk. PUA-ları 30 kilometrə qədər qarışdıra bilərik. Bundan əlavə, yeri saxtalaşdırmaq qabiliyyətinə malikdir. Biz bunu 50-60 kilometrə qədər edə bilərik”.

Kaplan əlavə edib ki, bu sistemə bir çox ölkədən tələbat var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Tunç   Türkiyə  


Bizi "telegram"da izləyin